Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa 3-cüsü olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu nəticəyə imza atıb.

Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan və 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan yığma 102 xalla komanda hesabında qitə üçüncüsü olub.

Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 6 yunan-Roma güləşçisindən beşi fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qitə çempionu olub. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.