Avropa çempionatında daha 2 qızıl və 2 bürünc medal şansı
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə sərbəst güləşdə 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start verilib.
Tofiq Əliyev (57 kq) 1/4 finalda böyüklər arasında dünya və Avropa üçüncüsü Horst Lerə (Almaniya) məğlub olub – 2:4. Rəqibin finala yüksəlməsi Əliyevə 3-cü yeri tutmaq şansı verib. Tofiq bürünc medal uğrunda bolqar İvaylo Tisovla güləşəcək.
Zirəddin Bayramov (65 kq) ilk mərhələdə bolqar Stilyan İliyevə heç bir şans tanımayıb – 12:1. Şəmkir güləş məktəbinin yetirməsi 1/4 finalda türk Hamza Alacadan güclü olub – 11:8. Həmyerlimiz yarımfinalda fransalı Marvan Ahmed Yezzaya 6:2 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Bayramov həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşacaq.
Murad Yevloyev (70 kq) startda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Millimizin üzvü 1/4 finalda bolqar İvan Stoyanovla bacarmayıb – 5:9.
Mübarizəyə 1/4 finaldan qoşulan Əşrəf Aşırov (79 kq) gürcü Evsem Şvelidzeylə gərgin keçən görüşdən məğlub ayrılıb – 8:9. Rəqib finaladək irəliləyib. Bu da Aşırov üçün növbəti cığır açıb. Əşrəf təsəlliverici görüşdə almaniyalı Konstantin Şableylə üz-üzə gələcək.
İslam İlyasov (97 kq) da yarışa 1/4 finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabıyla xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparacaq.
Bu çəkilərdə təsəlliverici və medal görüşləri martın 12-də keçiriləcək.