Güləşçilərimizdən növbəti medallar
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Tofiq Əliyev (57 kq) 1/4 finalda böyüklər arasında dünya və Avropa üçüncüsü Horst Lerə (Almaniya) məğlub olub – 2:4. Rəqibin finala yüksəlməsi Əliyevə 3-cü yeri tutmaq şansı verib. Tofiq bürünc medal uğrunda bolqar İvaylo Tisovla güləşib və rəqibinə tam üstünlüklə (18:8) qalib gələrək Avropa üçüncüsü olub.
Zirəddin Bayramov (65 kq) ilk mərhələdə bolqar Stilyan İliyevə heç bir şans tanımayıb – 12:1. Şəmkir güləş məktəbinin yetirməsi 1/4 finalda türk Hamza Alacadan güclü olub – 11:8. Həmyerlimiz yarımfinalda fransalı Marvan Ahmed Yezzaya 6:2 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Bayramov həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən istedadlı idmançımız sonadək üstünlüyünü qoruyub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Zirəddin Avropa çempionu olub.
Mübarizəyə 1/4 finaldan qoşulan Əşrəf Aşırov (79 kq) gürcü Evsem Şvelidzeylə gərgin keçən görüşdən məğlub ayrılıb – 8:9. Rəqib finaladək irəliləyib. Bu da Aşırov üçün növbəti cığır açıb. Əşrəf təsəlliverici görüşdə almaniyalı Konstantin Şableyə vaxtından əvvəl qalib gəlib - 10:0. Aşırov bürünc medal uğrunda Bolqarıstan təmsilçisi Oktay Hasanı tam üstünlüklə (14:3) məğlub edərək Avropa üçüncüsü olub.
İslam İlyasov (97 kq) da yarışa 1/4 finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabıyla xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. İlyasov final yolunda macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparıb. Final dramatik alınıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.
Beləliklə, sərbəst güləşçilər Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıb.