Azərbaycan qadın güləşçiləri Avropa çempionatında iki medal qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan təmsilçilərindən Ruzanna Məmmədova (49 kq) ispaniyalı Kandela Giraldes Markes və ruminiyalı Ana Mariya Rotaruya "tuşe" ilə qalib gələrək adını yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla üstələyən Məmmədova finala vəsiqə qazanıb. O, son qarşılaşmada italiyalı Fabiana Rinellanı "tuşe" ilə məğlub edərək Avropa çempionu olub.
A qrupunda yer alan Elvina Kərimzadə (43 kq) ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqarıstanlı Azra Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə qalib gəlib. Qrup 2-cisi kimi yarımfinala yüksələn Kərimzadə bu mərhələdə almaniyalı Jozefin Vrenşdən də güclü olub - 4:0. Həlledici görüşdə yenidən Polskayla üz-üzə gələn azərbaycanlı pəhləvan yenə rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqu "tuşe" ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə müqavimət göstərə bilməyib. Qurbanova təsəlliverici görüşdə isə almaniyalı Naemi Leiştnerə uduzub.
Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə bacarmayıb.