Azərbaycanın güləş yığmaları nüfuzlu yarışların hazırlığına başlayıb
Güləş üzrə Azərbaycan yığmaları İslam Həmrəyliyi Oyunları və dünya çempionatına hazırlıq üzrə ilk təlim-məşq toplanışına start verib.
Yunan-Roma güləşçiləri Bakıda məşqləri davam etdirirlər. İtaliyanın paytaxtı Romadakı Matteo Pellikone turnirindən qayıtdıqdan sonra bir neçə gün istirahət edən komanda iyulun 2-dən hazırlığı bərpa edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.
Qadın güləşi üzrə hər 3 yığma Göygölə toplaşıb. Baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında iyulun 3-də start götürən hazırlıq prosesi ayın 16-da yekunlaşacaq. Sərbəst güləşçilər də Göygöl Olimpiya İdman Kompleksində məşq keçir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 2-də başlayıb. Əsasən fiziki hazırlığı əhatə edən məşqlər ayın 20-də başa çatacaq.
Qeyd edək ki, İslamiada 9 - 18 avqustda Türkiyənin Konya şəhərində, dünya çempionatı isə 10 - 18 avqustda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.