"Son vaxtlar işlərimiz yaxşı gedir" - De Byazi

“Hər iki oyun bizim üçün vacibdir. 17 ay öncə burada uduzmuşduq. Dünən futbolçularla bu barədə söhbətimiz oldu. Türkiyə və Belarusla oyundan sonra buraya rahat gəlmişdik. Onda yanaşma yaxşı deyildi".

Bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi Moldova ilə sabah səfərdə keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Son 3 oyunda yığmamızın qələbə qazandığını xatırladan italiyalı mütəxəssis komandada inamın arıtırılması üçün qalib gəlməyin vacib olduğunu bildirib: "Gördüyünüz kimi, həmişə Bakıdayam, bütün oyunları izləyirəm. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq. İnkişaf etmək, inam qazanmaq üçün çox çalışmalıyıq. AÇ-nin seçmə mərhələsinə 122 gün qalıb. Hazırda düşərgədə 26 futbolçu var. Bu futbolçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir, ardıcıl üç qələbə qazanmışıq. Buna görə sevinirəm. Əsas odur yaxşı nəticələrdən sonra razı qalmayaq".

De Byazi millinin heyətini gec açıqlamasının səbəbini isə belə izah edib: "Ölkə çempionatında son oyunlar ötən həftə olub. Bundan sonra dərhal heyəti açıqladıq. Əksər futbolçularımız yerli liqada çıxış edir. Bu mənada heyəti tez açıqlamağın mənası yox idi. Bədavi Hüsyenov kimi zədələnən ola bilərdi".