AİJA güləş komandası Almaniyadan 5 medalla vətənə qayıdıb

May ayının 10-da Almaniyanın Ludviqshafen şəhərində sərbəst güləş üzrə müxtəlif yaş qrupları arasında 17-ci Paul Klein turniri keçirilib.

Olimpsport.az Almaniyadan xəbər verir ki, ənənəvi keçirilən turnirdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) komandası AİJA güləş komissiyasının rəhbəri Ramin Allahverdiyevin başçılığı ilə iştirak edib. 2011-ci ildən ənənəvi yarışa dəvət alan komandamız bu dəfə 9 idmançı ilə yarışa qatılıb və turniri 5 medalla başa vurub. Belə ki, Kamran Niftiyev (68 kq) U15 yaş kateqoriyası üzrə 1-ci yeri tutub. U18 yaş kateqoriyası üzrə Hüseyn Əsədov (92 kq) 2-ci, İlyas İsayev (60 kq) isə 3-cü olub. Qalan 2 bürünc medalı isə Elnur Nəcəfzadə U10 (38 kq) və Qulam Məmmədli U13 (57 kq) qazanıb. Yarışın sonunda komandamıza təşkilatçılar tərəfindən fəxri kubok təqdim olunub. Fəxri mükafatı AİJA güləş komandasının rəhbəri, əməkdar məşqçi Ramin Allahverdiyevə ASV Ludwigshafen Klubunun direktoru Gerhard Mohra təqdim edib. 

Qeyd edək ki, komandamız yarışdan sonra Fransanın paytaxtı Parisə gəzintiyə yollanıblar. Paris səfəri azyaşlı və yeniyetmə idmançılarımız üçün maraqlı keçib. Belə ki, komanda üzvləri Parisin müxtəlif tarixi yerlərini gəzib dolandıqdan sonra Parisdə yerləşən Azərbaycan mədəniyyət evinin qonağı olublar. Komandamızı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva qarşılayıb və onları Azərbaycan mədəniyyət evinin fəaliyyəti ilə yaxından tanış edib. Tanışlıq zamanı zəngin Azərbaycan mədəniyyətini özündə əks etdirən görüntülər komandamızın üzvlərinə xoş təsir bağışlayıb. Sonda bir yerdə xatirə şəkli çəkilib.

Ramin Allahverdiyev, AİJA vitse-prezidenti