Azərbaycanlı federasiya prezidenti beynəlxalq arenada uğur qazanıb

18-21 iyul 2025-ci il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan Bilyard Federasiyası üçün xüsusi əhəmiyyət daşıyan bir hadisə baş verib.

Federasiyanın prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov 115 idmançının qatıldığı və 16 ölkənin təmsil olunduğu bu nüfuzlu turnirdə möhtəşəm oyun nümayiş etdirərək 2-ci yerə layiq görüldü.

Turnirdəki yüksək rəqabətə və çətin oyunlara baxmayaraq, Seymur Məmmədov iradəsi, təcrübəsi və dəqiq zərbələri ilə adını finala yazdırmağı bacarıb.

Qeyd etmək lazımdır ki, Seymur Məmmədov təkcə federasiya prezidenti olaraq deyil, həm də meydanda əsl idmançı kimi öz gücünü və nüfuzunu nümayiş etdirdi. Onun liderliyi ilə Azərbaycan Bilyard Federasiyası son illər ərzində böyük inkişaf yolu keçib və beynəlxalq arenada öz sözünü deməyə başlayıb.