Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib

 

Təlim-məşq toplanışında Amerika, Almaniya, Türkiyə, Rusiya, Bolqarıstan və Qazaxıstan ölkələrinin müxtəlif klublarından ibarət 120 nəfərdən çox idmançı və məşqçi heyəti iştirak edir. Tədbirin təşkilatçılarından olan güləş üzrə beynəlxalq dərəcəli hakim və təcrübəli mütəxəssis Xəyal Əliyev olimpsport.az saytına bildirib ki, ilk dəfədir klub səviyyəsində ölkədə belə bir toplanış təşkil olunur. Xəyal müəllim xüsusilə qeyd edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan güləşinin inkişafında təkan amili olmaqla yanaşı ölkələrarası güləş dostluq əlaqələrinin də möhkəmlənməsinə xidmət edir. Xəyal Əliyev fürsətdən istifadə edərək bu möhtəşəm tədbirin həyata keçməsinə dəstək verən Azərbaycan Güləş Federasiyasına, Xaçmaz rayon regional gənclər və idman idarəsinə və “Əlizadə Ağayev” adına Qubadlı Güləş Klubuna və əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirdi. 

Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra avqustun 4-də yerli komandalar da daxil olmaqla 6 ölkənin iştirakı ilə U15, U17 və U20 yaş kateqoriyaları üzrə Qubadlı Güləş Klubunun açıq birinciliyi keçiriləcək.