AzMİU III Zəfər İdman Festival çərçivəsində Sərbəst və Yunan-Roma güləş növləri üzrə ustad dərslər keçirilib

27 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman korpusunda güləş üzrə tanınmış idmançılar – 4 qat dünya və 2 qat Avropa çempionu Eldəniz Əzizli (yunan-Roma güləşi üzrə) və 2 qat Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev (sərbəst güləş üzrə) tələbələrlə görüş keçirdilər.

Tədbirdə təxminən 40 nəfər iştirak edib. Görüş zamanı hər iki dünya səviyyəli idmançı gənc güləşçilərlə öz təcrübələrini bölüşərək vurğulayıblar ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət deyil, həm də zaldan kənarda təhsil və mənəvi inkişaf mühüm rol oynayır.

Eldəniz Əzizli gənclərə ünvanladığı çıxışında bildirib:

“Kiminsə izi ilə gəzən yox, iz qoyan olun.”

Bu sözlərlə o, gənc idmançılara daim öz üzərlərində işləməyi, başqalarına nümunə olmağı və başqalarını da ilhamlandırmağı tövsiyə edib.

Görüşün ikinci hissəsində praktiki məşğələ keçirilib. Hacı Əliyev və Eldəniz Əzizli gənc güləşçilərə sərbəst və yunan-Roma güləşində müxtəlif vəziyyətlərdən çıxış yollarını nümayiş etdirib, texniki fəndlərin düzgün icrasını izah ediblər. Ustalar həmçinin bir neçə ustalıqla yerinə yetirilmiş atış nümunəsi göstərərək gənclərin diqqətini cəlb ediblər.

Tədbirin sonunda isə tələbələr idmançılara müxtəlif suallar ünvanlayıb, onlar da hər bir suala təcrübələrinə əsaslanaraq ətraflı cavab veriblər. Görüş maarifləndirici və ruhlandırıcı ab-havada başa çatıb.