"Olimpsport" jurnalının Zəfər buraxlışı işıq üzü görüb

“Olimpsport” jurnalının Zəfər buraxılışı çapdan çıxıb.


2008-ci ildən etibarən nəşr olunan jurnalın yeni sayı Azərbaycan idmanının son illərdəki ən böyük simvoluna çevrilən “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması və tarixi zəfərinə, həmçinin Azərbaycan Milli Mətbuatının 150 və Azərbaycan İdman Jurnalistlərinin Assosiasiyasının (AİJA) 30 illik yubileyinə həsr olunub. 
Nəfis şəkildə hazırlanmış Zəfər buraxılışının üz qabığında “Qarabağ” FK-nın futbolçularının qələbə ruhu ilə dolu simvolik komanda fotosu yer alıb.
Jurnalın ilk səhifəsində Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin fotoportreti və milli maarifçilik ənənələrinin davamlılığını vurğulayan fikirləri əks olunub. 
Yeni buraxılışda bir sıra önəmli mövzular geniş şəkildə işıqlandırılıb. “Növbəti tarixi uğur - “Qarabağ” FK” başlıqlı yazıda komandanın son nailiyyətləri, beynəlxalq arenada sərgilədiyi uğurlu çıxışlar və qazandığı tarixi qələbələr təhlil olunur.
Jurnalda həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin minifutbol üzrə dünya çempionu olan Azərbaycan milli komandasının üzvlərini qəbul etməsi barədə yazı da yer alıb. Yazıda ölkə başçısının idmançılarla görüşü, onların qələbəsinin əhəmiyyəti və minifutbol sahəsində əldə edilən tarixi uğur ətraflı işıqlandırılır.
Buraxılışın növbəti mövzusu III MDB Oyunlarında gənclərin qazandığı təcrübəyə həsr olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Milli Mətbuat katibi Arzu Hüseynovanın müsahibəsində bu oyunların gənc idmançılar üçün əhəmiyyətli meydan olduğu xüsusi qeyd edilir.
Jurnalın səhifələrində AİJA-30 tədbiri barədə informasiya da yer alır. Yazıda təşkilatın fəaliyyəti, 30 illik yubiley çərçivəsində həyata keçirilən tədbirlər və idman ictimaiyyəti üçün əhəmiyyəti əks olunub.

Nəşrdə Azərbaycan komandasının ilk dəfə Deflimpiya Oyunlarında iştirakı, Oyunlarda qazanılan tarixi gümüş medal barədə məqalə də oxucuların diqqətinə çatdırılır. 
“Kəndlərimiz və idman” rubrikasında Masallıda yerləşən bir kəndin idman həyatına dair maraqlı məqalə yer alıb. Burada kənd gənclərinin idmana bağlılığı, yerli idman infrastrukturunun inkişafı, bölgədə idman ənənələrinin formalaşması və Tüklə Voleybol Liqası barədə məlumatlar verilir.
Buraxılışda həmçinin, jurnalın təsisçisi və baş redaktoru Ramin Allahverdiyevin “Yubileylər ilini uğurla başa vurduq” məqaləsi təqdim olunur. Məqalədə idman sahəsində həyata keçirilən yubiley tədbirləri, görülən işlər və qarşıdakı planlar haqqında geniş məlumatlar öz əksini tapıb. 
Oxucular jurnalda bundan başqa “Təhsil” Respublika İdman Mərkəzinin güləş bölməsinin məşqçiləri Əlisa Abbasov və Hüseyn Nəsirovun yetirmələrinin uğurları və yeniyetmə boksçu Yusif Ağakişiyev haqqında hazırlanan dosye ilə də tanış ola bilərlər. 
“Olimpsport” jurnalının Zəfər buraxılışının arxa üz qabığı da xüsusi dizaynla hazırlanıb. Qabıqda futbol üzrə 2026-cı il FIFA dünya çempionatında oyunların keçiriləcəyi stadionlar barədə məlumatlar, arenaların görüntüləri və turnirin ev sahibi ölkələrin - Kanada, ABŞ və Meksikanın rəsmi atributları yerləşdirilib.

Jurnalın elektron versiyasını oxuculara təqdim edirik.