Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Olimpsport.az xəbər verir ki, fevral üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.
Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən həmyerlimiz 11-ci yerə yüksəlib. O, 2766 reytinq xalına malikdi.
Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. Yanvarda oyun keçirməyən həmyerlimiz 35-ci pilləyə enib.
Rauf Məmmədov (2688) da mövqeyini yaxşılaşdırıb. O, rəqiblərinin geriləməsi səbəbindən 53-cüdü (+1). Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 5 pillə aşağı endiyindən 60-cıdı. Səfərli bu il keçirdiyi 16 matçda 6 xal itirib.
Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də mövqeyini itirənlər sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini özündən irəli buraxdığından 42-ci yerə enib.
Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2827) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2811) “üçlük”dən kənar qalıb. O, yerini Uelsli Soya (ABŞ, 2822) təhvil verib.
Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yenə Gülnar Məmmədova yer alıb. 2 pillə irəliləyən həmyerlimiz 2401 reytinq xalı ilə 62-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.
mənbə:apasport.az