"Olimpsport" jurnalının əməkdaşı yeni vəzifəyə təyin olunub
Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun qərarı ilə Rauf Rüstəm oğlu Rüstəmov Tovuz rayonu "Gənclər evi" nin direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Rauf Rüstəmov eyni zamanda "Olimpsport" jurnalının və "olimpsport.az" saytının müdiri vəzifəsində çalışır. Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuş gənc kadr Rauf müəllim həm tibb sahəsində həm də idman sahəsində kifayət qədər təcrübəyə malikdir. İnanırıq ki, Rauf Rüstəmov qazandığı təcrübənin sayəsində neçə-neçə görkəmli şəxsiyyətlər yetişdirmiş Tovuz rayonunda gənclərin elmi,mədəni,sağlam istiqamətdə inkişaf etməsi üçün mühüm addımlar ataraq öz işinin öhdəsindən layiqincə gələcək. Hamıya məlumdur ki, Tovuz həm də idmançılar diyarı sayılan rayonlarımızdandır. Tovuz rayonu ölkə futbolunun inkişafında daima öz töhfəsini vermişdir. Bu günlərdə Tovuzun "Turan" futbol klubunun 1-ci liqada Azərbaycan çempionu olması yerli əhalinin böyük sevincinə səbəb olmuşdur. Tovuz camaatı futbolla nəfəs alır,futbolla yaşayır. Tovuzun böyük futbol ənənələri vardır. Təsadüfi deyil ki, vaxtilə AFFA prezidenti vəzifəsində çalışmış mərhum Ramiz Mirzəyev də bu diyardan olub. Rəhmətlik Ramiz Mirzəyev Azərbaycan futboluna öz töhfəsini vermiş şəxsiyyətlərdən olub. Bir sözlə, hər bir uğurun başlanğıcında sağlam gənclik durur,sağlam insanlar durur. Sağlam insanların, sağlam gələcəyin yetişməsində gənclərlə düzgün iş aparmaq dövlətimizin və dövlət başçımız İlham Əliyevin də daima diqqət mərkəzindədir. Bu gün ölkəmiz gənclər siyasətinin düzgün aparılmasının nəticəsində bir çox uğurlara imza atıb. Ölkəmiz gələn ay IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Təsadüfi deyil ki, oyunlarda 12 500 könüllü gənc iştirak edəcək. Bu da gənclər siyasətinin düzgün aparılmasının uğurlu nəticələrindəndir. Bir daha inanırıq ki, yeni fəaliyyətə başlayan Tovuz rayonu "Gənclər evi" gənclərin və gənc nəsilin inkişaf etdirilməsinə öz töhfəsini verəcək.