Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək

 

 2017.05.12  13:39

"Olimpsport.az" xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.


İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmsi və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarında bu qədər ölkənin iştirak müşahidə olunmayıb.
Yarışlar Bakının ən müasir 16 idman meydançasında proqramda nümayiş etdirilən 24 növ üzrə keçiriləcək (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi, uşu və zorxana).


Atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Türkiyə bu Oyunlarda ən çox idmançı ilə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.
Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə, 1 milyarddan çox tamaşaçı izləyəcək.
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Yarışların rəsmi media tərəfdaşı AzərTAC Agentliyidir.