Bədii gimnastlarımız İslamiadada 8 medala sahib çıxıblar

 

2017.05.15   14:57 


IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika yarışlarına sabah yekun vurulacaq.

"Olimpsport.az"ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışlarda dünyanın 13 ölkəsindən idmançılar mübarizə aparırlar. Məlumat üçün bildiriək ki, gimnastika yarışların proqramında ilk dəfədir ki, nümayiş etdirilir. Ölkəmizi Oyunlarda bədii gimnastlarımız Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastlarımız Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edirlər.

Gimnastlarımız bu yarışlarda indiyədək 11 medal qazanıblar. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın payına düşür. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunub. Proqrama əsasən mayın 12 və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçirilib. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13 və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-nə təsadüf edib.
İlk qızıl medal qadın idman gimnastikasında əldə olunub. Komanda hesabında 99,300 xal toplayan Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkovadan ibarət yığmamız bütün rəqiblərini geridə qoyub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub.
Bədii gimnastlarımız ümumi hesabda 8 medala sahib olublar. Bunlardan 7-si fərdi, 1-i isə komanda yarışlarında əldə olunub. Yarışlar dörd hərəkət üzrə (lent, gürzlər, top, halqa) keçirilib. komandanın lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarının 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalını qazanıb. O, halqalarda (17.600 xal) və lentlərdə (15.450 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız gürzlərdə (16.550 xal) gümüş, topda (15.800) isə bürünc medala layiq görülüb. Jalə Piriyeva isə yarışları 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurub. Təmsilçimiz qızıl medalı topla hərəkətlərdə (17.550 xal) qazanıb. Jalə Piriyeva lentlərdə Marina Durundadan cüzi xalla geri qalaraq gümüş medala yiyələnib. Bürünc medala isə idmançımız halqa ilə hərəkətlərdə (16.050 xal) sahib olub. Komanda hesabında isə qızlarımız - Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacarıblar.
Kişi idman gimnasttikasında isə hələlik 2 medal əldə olunub. Murad Ağarzayev, Bence Talas və Timur Bayramov komanda hesabında yalnız Türkiyə yığmasına güzəştə gedərək gümüş medal (161,700 xal) qazanıblar. İkinci medalı Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final yarışlarında əldə edib. İdmançımız 14.400 xalla birinci yeri tutub.


Hazırda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə final yarışları keçirilir.