Komanda yarışlarında cüdoçularımız İslamiadanı 1 qızıl, 1 gümüş medalla başa vurdular

 

2017.05.15   18:19


IV İslam Oyunları çərçivəsində cüdo yarışlarına yekun vurulub.


"Olimpsport.az" xəbər verir ki, mayın 15-də kişilərdən ibarət cüdo komandamız finalda Əlcəzair yığmasına qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasına Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva baxıblar.


Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Kişi cüdoçular arasında komanda yarışında ölkəmizi Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90), Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.
Yarışda bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.


Azərbaycanın qadınlardan ibarət millisi B qrupunda ilk görüşünü Özbəkistana qarşı keçirib. Komandamızın heyətində Nəzakət Əzizova (52 kq), İçhinkotloo Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq) və İrina Kindzerska (+70 kq) mübarizə aparıblar.
Yarışda cəmi 5 komanda iştirak etdiyindən komandamız bir qələbə ilə finala yüksəlib. Həlledici görüşdə millimizin rəqibi Türkiyə olub. Beləliklə, finalda qardaş ölkənin idmançılarına uduzan qadınlardan ibarət komandamız yarışı gümüş medulla başa vurublar.
Bürünc medala isə Əlcəzairi 3:2 hesabı ilə məğlub edən Özbəkistan idmançıları layiq görülüblər.