Gimnastlarımız İslamiadanı 20 medalla başa vurublar

 

2017.05.16   12:22


Marina Durunda 4 medal qazanıb


Milli Gimnastika Arenasında keçirilən gimnastika yarışlarında dünyanın 13 ölkəsindən idmançılar mübarizə aparıblar.
“Olimpsport.az” xəbər verir ki, ölkəmizi yarışlarda bədii gimnastlarımız Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastlarımız Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil ediblər.
Gimnastlarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə, 20 medal qazanıblar. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 10-u isə idman gimnastlarımızın payına düşür. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunub. Proqrama əsasən mayın 12 və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçirilib. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13 və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-nə təsadüf edib.


Bədii gimnastlarımız ümumi hesabda 8 medala sahib olublar. Bunlardan 7-si fərdi, 1-i isə komanda yarışlarında əldə olunub. Yarışlar dörd hərəkət üzrə (lent, gürzlər, top, halqa) keçirilib. komandanın lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarının 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalını qazanıb. O, halqalarda (17.600 xal) və lentlərdə (15.450 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız gürzlərdə (16.550 xal) gümüş, topda (15.800) isə bürünc medala layiq görülüb. Jalə Piriyeva isə yarışları 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurub. Təmsilçimiz qızıl medalı topla hərəkətlərdə (17.550 xal) qazanıb. Jalə Piriyeva lentlərdə Marina Durundadan cüzi xalla geri qalaraq gümüş medala yiyələnib. Bürünc medala isə idmançımız halqa ilə hərəkətlərdə (16.050 xal) sahib olub. Komanda hesabında isə qızlarımız - Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacarıblar.


Kişi idman gimnastikasında isə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medal əldə olunub. Murad Ağarzayev, Bence Talas və Timur Bayramov komanda hesabında yalnız Türkiyə yığmasına güzəştə gedərək gümüş medal (161,700 xal) qazanıblar. İkinci medalı Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final yarışlarında əldə edib. İdmançımız 14.400 xalla birinci yeri tutub. Bense Talas gimnastika atı üzrə hərəkətlərdə millimizin aktivinə növbəti qızıl medalı (14,250 xal) yazdırıb. Təmsilçimiz digər qızıl medalı turnikdə hərəkətlərdə (14,000 xal) qazanıb. Bense Talas halqalarda isə gümüş medal qazanıb. Digər gimnastımız Timur Bayramov parallel qollarda bürünc medal alıb.
Qadın idman gimnastlarımız İslamiadanın 6 ( 2 qızıl, 3 gümüş və 1 bürünc) medalını qazanıblar. Komanda hesabında 99,300 xal toplayan Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkovadan ibarət yığmamız bütün rəqiblərini geridə qoyaraq qızıl medala yiyələnib. Növbəti qızıl medalı fərdi yarışlarda Yuliya İnşına qazanıb. Təmsilçimiz sərbəst hərəkətlərdə (13,100 xal) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gimnastika tirində hərəkətlərdə Marina Nekrasova 12,600 xalla gümüş medala layiq görülüb. 2-ci gümüş medalı o, dayaqla tullanma yarışlarında qazanıb. Yuliya İnşına isə 12,250 xalla bürünc medala sahib olub. Müxtəlif hündürlüklü qollarda isə gümüş medalı Yekaterina Tişkova qazanıb.