Pəhləvanlarımız ilk yarış gününü 4 medalla başa vurublar

 

2017.05.17   23:07


Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.


“Olimpsport.az”ın məlumatına görə, mayın 17-də Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparırlar.
Yarışların ilk dörd günündə sərbəst və yunan-Roma güləşçiləri yarışırlar.


İlk yarış günündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. Güləşçilərimiz günü 4 medalla başa vurublar.
Turnirdə 98 kq çəki dərəcəsində çıxış edən Orxan Nuriyev pakistanlı Tayab Raza və özbəkistanlı Rustam Assakalova qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə O.Nuriyev qırğızıstanlı rəqibi Uzur Juzupbekova qalib gələrək IV İslam Oyunlarının qızıl medalına sahib olub.


Rafiq Hüseynov (80 kq) mübarizəyə 4/1 final mərhələsindən başlayıb. Əvvəlcə qırğızıstanlı Atabek Azisbekovdan üstün olan güləşçimiz Əlcəzair təmsilçisi Baçir Sid Azaranı məğlub edərək həlledici mərhələyə adlayıb. Çempion adı uğrunda görüşdə güləşçimiz iranlı Yousif Qaderiana məğlub olaraq gümüş medalla kifayətlənib.
Oyunlarda 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Murad Məmmədov turnirə qələbə ilə başlayıb. İranlı Məhəmməd Nurbaxışa qalib gələn pəhləvanımız növbəti görüşündə Qırğızıstan təmsilçisi Kanibek Jolçubekova uduzub. Üçüncü yer uğrunda görüşdə iordaniyalı Mostafa Alqadedən üstün olan M.Məmmədov yarışı bürünc medalla başa vurub.


Rəsul Çunayev (71 kq) də bürünc medalla kifayətlənməli olub. Əlcəzairli Akrem Boudjemlineni 64 saniyə ərzində məğlub edən R.Çunayev yarımfinalda İran güləşçisi Mohammadali Qareiyə uduzub. Bürünc medal uğrunda görüşdə güləşçimiz türkiyəli İlker Sönmezdən üstün olub.
Mayın 18-də 66 kq, 75 kq, 85 kqvə 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.