Taekvondoçularımız 7-ci medalı qazanıblar

 

2017.05.17  23:28

Ölkəmizdə IV İslam Oyunları keçirilir.

“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir.

Mayın 17-də taekvondoçularımız 5 çəkidə medallar uğrunda mübarizə aparıblar.

Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb. Ümumilikdə günü Azərbaycan taekvondoçuları üçün uğurlu saymaq olar. Çünki 5 idmançımızdan 4-ü qızıl, 1-i isə gümüş medal əldə edib.

Kişilər
68 kq
Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən start verib. Avropa Oyunlarının qalibinin rəqibi Ruhulla Nikpa (Əfqanıstan) olub. İlk dəqiqələrdən təşəbbüsü ələ alan idmançımız üstünlüyünü sonadək qoruyub. O, 28:14 hesablı qələbə sayəsində yarımfinala vəsiqə əldə edib.

Taekvondoçumuz həlledici mərhələ üçün Səud Almuvalladla (Səudiyyə Ərəbistan) üz-üzə gəlib. Almuvalladdan aşkar üstün döyüşən Ayxan (18:9) həlledici görüşə vəsiqə qazanmağı bacarıb. O, finaldakı rəqibi Seyidhüseyn Ehsanipetrudini (İran) böyük çətinliklə (9:7) məğlub edərək, qızıl medal əldə edən növbəti taekvondoçumuz olub.

80 kq
Bu çəkidə yarışan Milad Beiqi Harçeqani də yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı olan idmançımız ilk olaraq Məcid Almabruku (Səudiyyə Ərəbistanı) sınağa çəkib. Harçeqani görüşü çətinlik çəkmədən qazanıb. O, 21:2 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.

Yarımfinalda da iranlı Əlirza Dərvişpur təmsilçimiz önündə diz çöküb. 20 xal fərqlə qələbə qazanan (24:4) Harçeqani finala yüksəlib. O, son görüşündə Türkiyə taekvondoçusu Yunus Sarı ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş təmsilçimizin 9:5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Harçeqani yığmamıza növbəti "qızıl"ı qazandırıb.

+87 kq
Olimpiya çempionumuz Radik İsayev də bu gün dayanq üzərinə çıxıb. Komanda yoldaşları kimi mübarizəyə 1/4 finaldan başlayan Radikin ilk rəqibi pakistanlı Adil Şah olub. Təmsilçimiz görüşü çətinlik çəkmədən qazanıb. İsayev Şahı 26 xal fərqi ilə məğlub edib - 34:8.

Yığmamızın lideri yarımfinalda Həmzə Kattanla (İordaniya) döyüşməli idi. Lakin iordaniyalı idmançı zədəli olduğu üçün dayanq üzərinə çıxmayıb və İsayevə texniki qələbə verilib. Olimpiya çempionu finalda Dmitri Şokinlə (Özbəkistan) döyüşüb. Dünya çempionlarının dueli gərginliyi ilə seçilib. Başabaş mübarizə şəraitində keçən görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulub. Burda isə qızıl xalı qazanan Radik İsayev (1:0) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qadınlar
49 kq
Yay Olimpiya Oyunlarının digər bürünc mükafatçısı Patimat Abakarova da İslamiadaya 1/4 finaldan start verib. O, Layan Cabirlə (Fələstin) münasibətlərinə aydınlıq gətirib. Rəqibinə çətin anlar yaşadan Abakarova 19:7 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Abakarova 1/2 finalda Südabə Pursadiqi Şalmei (İran) ilə qüvvəsini sınayıb. İlk saniyələrdən daha yaxşı təsir bağışlayan təmsilçimiz 15:4 hesablı qələbə qazanaraq, finala adlayıb. Qızıl medal uğrunda mübarizədə idmançımız qazaxıstanlı Aynur Yasbergenova ilə döyüşüb. Final görüşündə də ciddi müqavimətlə üzləşməyən taekvondoçumuz (14:4) İslamiadanı qızıl medalla başa vurub.

67 kq
Bu çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova yarışa 1/4 finalda başlayıb. İranlı Parisa Cavadikuçaksareyla üz-üzə gələn Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gəlib. Əzizova növbəti qarşılaşmasında özbəkistanlı Nigora Tursunkulovanı da üstələyərək (3:0), finala adlayıb.

Fəridənin həlledici görüşdəki rəqibi Türkiyə təmsilçisi Nur Tatar olub. Təəssüf ki, idmançımız 2:8 hesabı ilə yenilərək, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə millimiz bir qızıl və bir gümüş medal qazanıb.