Atıcılıq üzrə komandamız yarışları 10 medalla başa vurub

 

2017.05.18   17:25



Mayın 17-də Bakı Atıcılıq Mərkəzində IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən atıcılıq yarışlarına yekun vurulub.

"Olimpsport.az" xəbər verir ki, idmançılarımız İslamiadanı ümumilikdə 10 – 6 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Yarışların sonuncü günü də atıcılarımız üçün uğurlu olub. Yığmamız daha 1 qızıl və 1 gümüş medal qazanıb. Gün ərzində dairəvi stend və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışları keçirilib. 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn təmsilçilərimiz IV İslam Oyunlarının qalibi adını qazanıblar. Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüb. Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə yarışı 7-ci yerdə başa vurub.
Yığmamız dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medala sahib olub. Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət komandamız finalda Bəhreynə məğlub olaraq birinciliyi əldən verib. Digər komandamız - Niyaz Ağazadə və Regina Meftahətdinova dördüncü yerlə kifayətləniblər.