Bu gün 3 sərbəst güləşçimiz finalda yarışacaq

 

2017.05.19    12:38


Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışları davam edir.


“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Güləş yarışlarının ilk günündə yunan-Roma güləşi üzrə 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar xalça üzərinə çıxıblar. İdmançılarımız günü 4 medalla başa vurublar. 98 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Nuriyev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Rafiq Hüseynov (80 kq) yarışları gümüş medalla başa vurub. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) isə bürünc medala sahib olublar.
İkinci yarış günündə 66 kq, 75 kq, 85 kq və 130 kq çəkidə güləşçilər qüvvələrini sınayıblar. Pəhləvanlarımız günü 3 qızıl və 1 bürünc medalla başa vurublar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) qızıl medal, Sabah Şəriəti (130 kq) isə bürünc medal qazanıb.
Beləliklə, güləşçilərimiz iki yarış gününü ümumilikdə, 8 (4 qızıl, 1 gümüş və 3 bürünc) medalla başa vurublar.

Yarışların üçüncü günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.


57 kq


Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşəcək.

65 kq


Komanda yoldaşından fərqli, Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb.

74 kq


Bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

97 kq


Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edəcək.