Qadın tennisçimiz finalda yarışacaq

 

2017.05.19   15:17 


Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir.


“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların yarımfinal mərhələsinə yekun vurulub.


Tennisçimiz əvvəlcə Miao Vanq Türkiyə təmsilçisi Mələk Hu ilə qarşılaşıb. Final uğrunda gərgin idman mübarizəsi Türkiyə təmsilçisinin xeyrinə başa çatıb. Mələk Hu 4:1 hesabı ilə Azərbaycan təmsilçisi üzərində qələbə qazanaraq finala vəsiqə əldə edib.
Final uğrunda digər mübarizədə isə Azərbaycanın stolüstü tennisçisi Zinq Ninq İran təmsilçisi Nedə Şahsavari ilə üz-üzə gəlib. Maraqlı keçən idman qarşılaşmasında Azərbaycan təmsilçisi 4:1 hesabı ilə İran təmsilçisini məğlub edərək finala adlayıb.


Beləliklə, Oyunlarda qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların final mərhələsində Türkiyə təmsilçisi Mələk Hu ilə Azərbaycan idmançısı Zinq Ninq qarşılaşacaqlar.
Final qarşılaşması bu gün keçiriləcək.