Taekvondo, cüdo və atletika yığmalarının üzvləri ilə görüş keçirildi

Bu gün Gənclər və İdman Nazirliyində Cənubi Koreyanın Muju şəhərində keçirilmiş dünya çempionatında 2 medal qazanan taekvondo üzrə Azərbaycan milli komandasının və Taypeydə təşkil olunan tələbələrin XXIX Dünya Yay Universiadasında 8 medal əldə edən yığma üzvləri ilə görüş keçirib.
 
Tədbirdə Gənclər və İdman Nazirliyinin (GİN) idman şöbəsinin müdiri Fərid Mansurov, taekvondo, cüdo və atletika yığmalarının məşqçilər korpusu, idmançılar iştirak ediblər.
 
F.Mansurov Azərbaycan idmançılarının hər iki yarışda uğurlu çıxış etdiyini qeyd edib. O, qazanılan hər bir nəticədə federasiyların və məşqçilərin əməyinin yüksək olduğunu vurğulayıb.
 
Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı direktoru Nağı Səfərov millinin yarışlarda ümidləri doğrultduğunu söyləyib. Onun sözlərinə görə, dünya çempionatında 2, Universiadada 5 medal qazanan taekvondo yığması daha yaxşı nəticə göstərmək gücündədir: "Medallarımmızın sayı daha çox ola bilərdi. Dünya çempionatında 1 qızıl və 1 gümüş medal da böyük nəticədir. Mundialda mükafatlarımızın sayının artan templə davam etməsi sevindirici haldır. Komandamızı qarşıda Qran Pri də gözləyir”.
 
Taypeydə Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş nazirliyin şöbə müdiri Aydın Məmmədov da komandanın çıxışına qiymət verib. O bildirib ki, atlet Anna Skidan və ağırlıqqaldıralar ümidləri doğrultmasalar da, ümimi nəticəni qənaətbəxş hesab etmək olar.
ATF-in vitse-prezident Rəşad Əhmədov isə taekvondoçuların son yarışlarındakı uğurlarından danışıb. O, qarşıdakı yarışlarda mükafatların sayını artırmağa çalışacaqlarını söyləyib.
 
Taypeydə cüdo yığmasının baş məşqçisi olmuş Azər Şıxəlizadə yalnız 1 idmançının medal qazanmamasına təəssüfünü gizlətməyib: "Biz istəyirdik ki, 3 idmançımızın hər biri medal qazansın. Lakin 1 qızıl və 1 bürünc mükafata sahib olduq”.
Universiadanın qızıl mükafatçısı Nazim Babayev ili özü üçün uğurlu adlandırıb: "Etimadı doğrultmağa çalışdım və belə də davam edəcəyəm”.
Universiadanın bürünc medalçısı, cüdoçu Firudin Dadaşov bildirib ki, böyüklərlə birgə təlim-məşq toplanışında olmaları uğurlarında böyük rol oynanıb. O qeyd edib ki, komandada hər bir cüdoçu medal qazanmaq gücündə olsa da, sonda 2 mükafata yiyələniblər: "Belə görüşlər bizi ruhlandırır və əlavə stimul verir. Çalışacağıq ki, növbəti yarışlarda da bunu davam etdirək”.
 
Digər cüdoçu Zelim Kotseyev hədəflədiyi qızıl medalı qazandığı üçün şad olduğunu bildirib. O, qarşıdakı yarışlarda da iddialı olacağını söyləyib.
Taekvondoçular Məhəmməd Məmmədov və Ayxan Tağızadə də qarşıdakı yarışlarda nəticələrini yaxşılaşdıracaqlarına söz veriblər. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının ardınca dünya çempionatı və Universiadada da qızıl medal qazanan Milad Beiqi Harçeqeni isə məşqçilər korpusuna təşəkkür edib. O, medal qazana bilməyən idmançılara da dəstək olub: "Daim hər bir idmançınan yanında olmaq lazımdır. Belə olduqda onlar özlərini daha yaxşı tərəfdən göstərirlər”. (Report)