Şamaxıda mötəbər güləş turniri keçiriləcək

28-30 sentyabr 2017-ci il tarixdə Şamaxı  şəhərində "Əməkdar bədən tərbiyəsi və idman xadimi", veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə 2003-2004 təvəllüdlü idmançılar arasında ənənəvi 5-ci açıq Respublika turniri keçiriləcək.

Olimpsport.az-ın məlumatına görə, yarışlar hər gün saat 10.00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi 29 sentyabrda baş tutacaq. Yarışda yerli idmançılarla yanaşı xarici ölkə təmsilçilərinin də iştirakı gözlənilir.

Qalib və yer tutmuş idmançılara medal, diplom və pul mükafatları təqdim ediləcək.

Qeyd edək ki, Oleq Krapivin sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-inin əməkdar məşqçisi, əməkdar idman ustasıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Dəfələrlə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu və beynəlxalq turnirlərin qalibi olmuşdur. Hazırda Kiyevdə yaşayır. Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, Ümum - ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəridir.

Məlumat üçün bildirək ki, Oleq Krapivin öz şəxsi vəsaiti hesabına doğma Şamaxı şəhərində müasir standartlara uyğun güləş zalı inşa etdirib. Elə bu ay Şamaxıda keçiriləcək yarış ərəfəsində Oleq Krapivin adına güləş məktəbinin açılış mərasimi olacaq.