UEFA Bakının qəbul edəcəyi yarışın təşkilatçılığında dəyişiklik edir
2020-ci ildə keçiriləcək Avropa çempionatının (AVRO-2020) final mərhələsinə ev sahibliyi edəcək şəhərlərin birində dəyişiklik mümkündü. Ilk dəfə qitə birinciliyinin 13 ölkədə keçirləcəyi vaxtda meydan sahiblərindən hər hansısa birinin bu hüquqdan məhrub edilmə təlükəsi yaranıb.
Bu, Belçikanın paytaxtı Brüsseldi. Həmin şəhərdə çempionatın oyunlarını qəbul edəcək stadionun tikintisi ilə problem yaranıb. Arenanın tikintisi üçün lazım olan sənədlər təqdim edilmədiyi üçün işlər yubanır. Stadion inşasının yolunda getməməsi UEFA-nı adıçəkilən şəhəri siyahıdan çıxarmaq haqda düşündürüb.
Bununla belə arenanın tikintisi üçün müraciət və buna görə lazım olan ekoloji razılıq əldə olunmayıb. UEFA Belçikaya bunun üçün nə qədər möhlət verəcəyi ilə bağlı qərarını açıqlamalıdı.
Belçikalılar tikinti üçün sonuncu sifarişi avqustda verib. Buna cavab 150 gün ərzində verilməli, arenanın inşası üçün 12-18 ay olmalıdı. Stadion AVRO-2020-nin startına 9 ay qalmış, yəni 2019-cu ilin payızında hazır vəziyyətə gətirilməlidi.
Belçika Kral Futbol Assosiasiyasının prezidenti Koen de Brabandera problem yarandığını etiraf edib. O, məsələ ilə bağlı qərarı UEFA-nın verəcəyini bildirib: "Hələ də inanırıq ki, çempionatın oyunlarını qəbul edəcəyik. Ancaq bununla yanaşı, realist olaraq qalırıq. Bu problemin həlli bizdən aslı deyil. Qərarı UEFA verəcək”.
Xatırladaq ki, AVRO-2020-nin 13 ev sahibi arasında Azərbaycan paytaxtı Bakı da var. Final mərhələsi Brüssellə Bakıdan başqa, Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) keçiriləcək. Bakı Olimpiya Stadionu üç qrup, bir ¼ final matçını qəbul edəcək.