Millətlər Liqası: format təsdiqləndi
UEFA İcraiyyə Komitəsi 2018/2019 mövsümündə ilk dəfə keçiriləcək Millətlər Liqasının reqlamentini, qaydaların son versiyasını və loqosunu təsdiqləyib.
Turnirin ilk matçı 6 sentyabr 2018-ci ildə keçiriləcək.
Yarışda UEFA-ya üzv olan 55 assosiasiyanın hamısı iştirak edəcək. Yığmalar 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindən sonra formalaşacaq reytinqə əsasən A, B, C və D liqalarına bölünəcək.
A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq.
A və B liqaları hər birində 3 komanda olmaqla 4 qrupa bölünəcək. C liqasında 3 komandadan ibarət 1, 4 komandadan ibarət 3 qrup olacaq. D liqasında isə hər biri 4 komandadan ibarət 4 qrup formalaşacaq.
Püşkatma proseduru hələlik təsdiqlənməyib. Millətlər Liqasında ilkin qrup oyunları gələn ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək. Matçlar ev və səfər prinsipi ilə keçiriləcək. Hər bir komanda qrupdan asılı olaraq, 4 və ya 6 matça çıxacaq.
A liqasındakı 4 qrupun qalibləri 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Burada yarımfinallar, üçüncü yer uğrunda oyun və final olacaq. Meydan sahiblərini 2018-ci ilin dekabrında UEFA-nın İcraiyyə Komitəsi müəyyənləşdirəcək.
Millətlər Liqasında eniş və yüksəliş prinsipləri tətbiq olunacaq. B, C və D liqalarının qrup qalibləri səviyyə baxımından yüksəliş qazanacaqlar. A, B və C liqalarının qruplarında zəif nəticə göstərənlər isə D liqasına düşəcəklər.
Millətlər Liqasında 16 qrupun qalibləri 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bu kollektivlər 4 qrupa bölünəcəklər. "Dördlər finalı"nda isə “pley-off” xarakterli iki yarımfinal və bir final matçı keçirəcək. Hər bir qrupdan qalib komanda qitə birinciliyinə vəsiqə qazanacaq.
Qrup qaliblərindən hansısa seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə düşərsə, onun vəsiqəsi Millətlər Liqasının növbəti ən yaxşı komandasına nəsib olacaq. Seçmə mərhələdən vəsiqə əldə edən olarsa, vakant yerləri, reytinq nəzərə alınmaqla, aşağı divizion komandaları tutacaqlar.
Azərbaycan hazırkı reytinqinə əsasən, C liqasında yer alıb. UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, Azərbaycan və Ermənistan, eləcə də Rusiya və Ukrayna eyni qrupa düşə bilməzlər.
AVRO-2020-yə daha 20 vəsiqənin sahibi isə seçmə qrup mərhələsinin yekununda müəyyənləşəcək. Bu zaman 55 ölkə yığması tərkibi 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən yaxşı yığma final mərhələsinə yüksələcək. Seçmə mərhələyə 2019-cu ilin sentyabrında yox, martında start veriləcək.
Qeyd edək ki, Millətlər Liqasının püşkatması 24 yanvar 2018-ci ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək. Həmin gün turnirin baş mükafatı da təqdim olunacaq.