Azərbaycanlı futbolçulara Avstriyada “yaşıl işıq”

Məlum olduğu kimi, bu yay Avstriyada fəaliyyət göstərən Vyananın “Qarabağ” adlı klubu heyətinə iki azərbaycanlı futbolçu cəlb etdi. Söhbət “Neftçi”dən ayrılan müdafiəçi Elvin Bədəlov və Ukraynanın “Dnepr” klubunun sabiq futbolçusu Dmitri Nağıyevdən gedir.

Lakin onlar Avstriya 3-cü liqasının şərq zonasında geridə qalan 8 tur ərzində meydana çıxmayıblar. Buna səbəb sözügedən liqada mübarizə aparan klubların peşəkar əcnəbi futbolçuların xidmətindən istifadə edə bilməməsi və onların viza problemi ilə üzləşməsi idi. Lakin Vyana təmsilçisinin rəhbərliyi artıq bu problemi yoluna qoyub. “Qarabağ” Avstriya Futbol Federasiyasında əcnəbi futbolçu qeydiyyatdan keçirən ilk Regional Liqa təmsilçisi olub. Həmçinin, hər iki oyunçuya işçi vizası açılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, artıq Elvinlə Dmitri bu gün baş tutacaq 9-cu turun “Parndorf”la ev oyununda meydana çıxa biləcəklər. Sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək və “Sport Platin TV” (youtube vasitəsi ilə) internet kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, Avstriyada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ı bu mövsümə qədər həvəskarlardan ibarət liqalarda mübarizə aparırdı. Bu mövsüm isə komanda artıq peşəkarların çıxış etdiyi Avstriyanın Şərq Regional Liqasında mübarizə aparmaq hüququ qazanıb. Geridə qalan 8 turda 7 oyun keçirən "Qarabağ" 4 qələbə qazanıb, 2 heç-heçə edib və 1 məğlubiyyət alıb. 14 xala malik "təmsilçimiz" 17 klub arasında 6-cı pillədə qərarlaşıb.