Şamaxıda əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivinin şərəfinə V respublika turnirinin açılış mərasimi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı Olimpiya İdman Kompleksində əməkdar bədən tərbiyəsi və idman xadimi, dünya çempionu Oleq Krapivinin şərəfinə azyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə V açıq respublika turnirinin açılış mərasimi keçirilib.
Olimpsport.az xəbər verir ki, mərasimdə Gənclər və İdman Nazirliyinin, Şamaxı şəhər icra hakimiyyətinin, Güləş federasiyasının rəsmiləri, idman ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Habelə Oleq Krapivinin hazırda yaşadığı Ukraynanın güləş federasiyasının prezidenti, Olimpiya çempionu Elburus Tedeyev və bir neçə xarici ölkənin tanınmış idman adamları, idmançıları qatılıblar.
Daha sonra çıxış edən rəsmilər ölkəmizdə idmanın inkişafından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, idmançılarımızın Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında qazandıqları uğurlardan danışıblar.
Natiqlər 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində dünyaya göz açan, on yaşında ikən ailəsi ilə birlikdə Bakıya, Bakıxanov (o vaxtkı Razin qəsəbəsi) qəsəbəsinə köçən, Azərbaycan vətəndaşı olmağı ilə fəxr edən dünya çempionu Oleq Krapivinin şərəfinə keçirilən turnirdə yeniyetmə idmançılara uğurlar arzulayıblar.
Qeyd edək ki, qalib idmançılar təşkilat komitəsinin diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.