Karel Yarolim: “Daha çox qol vurmaq istəyərdik”
DÇ-2018-in seçmə mərhələsində səfərdə millimizə qalib gələn (2:1) Çexiya yığmasının baş məşqçisi Karel Yarolim oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Yarolim öncə oyunla bağlı fikirlərini bildirib:
- Qalib gəlsək də, səhvlərimiz oldu. Xüsusilə, matçın ikinci hissəsində rəqib yaxşı təsir bağışladı. Rəqibin müdafiə xətti daha yaxşı idi. Daha çox qol vurmaq istəyərdik. Ancaq alınmadı. Rəqib gözlədiyim kimi çıxış etdi. Azərbaycan millisinin oyununu yüksək qiymətləndirirəm.
- Bugünkü oyuna görə işinizi ncə qiymətləndirirsiz?
- Oyundan öncə də demişdim, bu məsələlərlə məşğul olmuram. Burda gələcək taleyimə hələ ki, tam aydınlıq gəlməyib. İndi yalnız qarşıdakı oyun barədə düşünürəm.
- Millidə gələcəkdə dəyişikliklər gözlənilir?
- Komandamızda çox dəyişiklik olub. Bu gün demək olar, Ostravadakı ilk görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.
- Azərbaycan millisini məğlub edən ilk çex məşqçi olduz...
- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.
- Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədi?
- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.
- Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Ümumiyyətlə onun çıxışını necə dəyərləndirirsiz? Sizcə, o, milliyə layiq qapıçıdı?
- Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. “Mlada”da yalnız ilk oyunundan xəbərim var idi. Bildiyim qədər ilə həmin oyuna yaxşı təsir bağışlamamışdı.