Qabi: "“Qarabağ” ilk oyunda yaxşı futbol göstərdi"

“Bu dəfə başqa nəticə gözləyirik”. Bu sözləri “Atletiko”nun futbolçusu Qabi Fernandes deyib.

 

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək.

 

Matçdan öncə keçirilən mətbuat konfransında Qabi də iştirak edib. Təcrübəli futbolçu bu fikirləri səsləndirib: “Qarabağ” ilk oyunda bütün gücünü, emosiyasını qoydu, yaxşı futbol göstərdi. Amma sabah biz fərqli nəticə üçün meydana çıxacağıq”.

 

- “Qarabağ”ın heyətində bəzi itkilər var. Bu sizin üçün nəyisə dəyişirmi?

- “Qarabağ”ın heyətini hələ bilmirik. Biz tərəfdən heç nə dəyişməyəcək. Meydana eyni motivasiya ilə çıxacağıq.

 

- Sabah qalib gəlməyəcəyiniz təqdirdə, növbəti mərhələdən kənarda qala bilərsiz...

- Bundan da vacib oyunlar keçirmişik. Amma çox məsuliyyətli matç olacaq. Rəqibdən üstün olduğumuzu sübut etmək fikrindəyik.

 

- Son oyunlardan sonra çox tənqidə məruz qaldınız. Bu vəziyyətdən necə çıxmaq fikrindəsiz?

- Tənqidləri başa düşüb, qəbul edirik. Biz fikrimizi işə yönəltməliyik. Vəziyyəti dəyişməyə çalışırıq. Sabah bizim üçün yaxşı şans olacaq.

 

- Məşqi “Atletiko”nun keçmiş stadionunda etdiniz. Bu, dəyişikliyə səbəb ola bilərmi?

- “Visente Kalderon”a qayıtmaq həmişə xüsusi haldı. Amma “Vanda Metropolitano”da yaxşı nəticələr qazanmaq üçün gözəl oyunlar göstərməliyik.

 

- “Elçe” ilə matçdan sonra neqativ atmosfer olduğunu dediniz. Konkret olaraq, bu barədə nə düşünürsüz?

- Axırıncı matçlardan sonra tənqidlərin olmasını başa düşürük. Amma biz bu durumu dəyişmək istəyirik.

 

- Bu mövsüm lazımi nəticəni göstərə bilməməyiniz heyətdə futbolçuların çatışmaması ilə bağlıdı?

- Keçən illə müqayisədə o qədər də xal fərqimiz yoxdu. “Roma”ya qalib gəlməliydik, amma alınmadı. “Qarabağ”la görüşdə isə yaxşı oyun göstərmədik.