Dieqo Simeone: " “Qarabağ”la görüş hamımız üçün vacibdi"

“Bakıdakı matç keçmişdə qaldı”. Bu sözləri “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone deyib.

 

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ı qəbul edəcək.

 

Matçdan öncə mətbuat konfransı Simeone bunları deyib: “Bütün fikrimizi sabahkı qarşılaşmaya yönəltmişik. Meydana istədiyimiz nəticəni qazanmaq üçün çıxacağıq”.

 

- “Visente Kalderon”dakı məşqdə bir çox futbolçuda nostalji baxışlar hiss etdik...

- Əla anlar idi. Oyunçularım çox rahatdılar və sabahkı matça hazırdılar.

 

- Bakıdakı heç-heçədən sonra Qarabağ ərazisi haqda məlumat əldə etmisizmi?

- Xeyr. Məlumat əldə etməmişəm.

 

- Son tənqidləri qəbul edirsizmi? Bu barədə fikriniz nədi?

- Ən böyük məsuliyyət məndədi. Amma oyunlara baxmaq lazımdı. “Çelsi”yə qarşı yaxşı təsir bağışladıq. “Roma”ya qalib gəlməli idik. Zəif oyunumuz “Qarabağ”a qarşı oldu. Bütün bunlara baxmayaraq, bu il də ən güclü klubların sırasında olmağa çalışacağıq.

 

- 14 oyundan yalnız 1-də məğlub olmusuz. Vəziyyəti necə dəyərləndirirsiz, hansısa narahatlıq keçirirsizmi?

- Narahatlıq işimizin bir hissəsidi. Bu, normal haldı. Hər oyunda qalib gəlmək lazımdı. Klubun öz məqsədləri var. Əgər narahatlıq hissi keçirməsəydik, bu, normal olmazdı.

 

- Antuan Qrizmann keçən mövsümdəki formasından uzaqdı. Bu fikri də qəbul edirsizmi?

- Biz tənqidə həmişə hazırıq. Bu, normaldı. Bir oyunu pis keçirəndə tənqidlər olur. “Atletiko” vacib klubdu.

 

- Sabahkı matçda qalib gəlməsəniz, sizin üçün pis nəticə sayılacaqmı?

- “Qarabağ”la görüş hamımız üçün vacibdi. Məsuliyyəti dərk edirik və məqsədimizi bilirik.

 

- Bu gün məşqi niyə “Vanda Metropolitano”da yox, “Visente Kalderon”da keçirdiniz?

- Məşqçilər arasında danışdıq və məşqi “Visente Kalderon”da keçirməyə qərar verdik.