Simeone Şehiçi təriflədi: "Qarabağ" əla müdafiə olunurdu"
"Oyuna pis başlamamışdıq. Bu müddətdə rəqibə böyük zərbə vura bilərdik. Amma dəqiq olmadıq, əvəzində isə onlar fərqləndilər". Bu fikirləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeon Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la 1:1 hesabı ilə nəticələnən ev oyunundan sonra bildirib.
Argentinalı mütəxəssis bu nəticədə böyük pay sahibi olan bosniyalı qapıçımız İbrahim Sehiçi tərifləyib: "İkinci hissədə təlaş içərisində, əsəbi idik. "Qarabağ" əla müdafiə olunurdu. Qapıçısı yaxşı oynadı. Nəticədə istədiyimiz 3 xalı qazaan bilmədik"
Hazırda hücumçu problemlərinin olduğunu vurğulayan Simeone ÇL-in növbəti turunda "Roma”ya qarşı ev matçında daha yaxşı olmağa çalışacaqlarını bildirib: "Həmin oyunun nəticəsinə görə taleyimiz bəlli olacaq. Biz həmişə eyni cür oynamışıq. Əvvəllər bu, alınırdısa, indi alınmır. Xal qazanırsınızsa, hamı gücünüzdən danışır. Nəticə yoxdusa, insanların fikri dəyişir”.