Qəbələdə beynəlxalq turnir keçiriləcək

Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvondo üzrə “Qəbələ Open” beynəlxalq açıq birinciliyi keçiriləcək.

Noyabrın 17-də startı veriləcək yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan və eləcə də respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvondo bölmələri və klublardan 500-dən artıq idmançı qatılacaq. Üç gün davan edəcək yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır. Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.

Yarışı ATF-in hakimləri idarə edəcəklər. “DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.