FIFA prezidenti Bakıya gəlir
Noyabrın 21-də Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.
FIFA İcraedici Futbol Sammiti FIFA prezidenti Gianni İnfantinonun təşəbbüsü ilə keçirilməyə başlayıb.
İlk dəfə 2016-cı ilin noyabr ayında Fransanın paytaxtı Parisdə təşkil olunan sammitin ikinci “dayanacağı”6-8 dekabr tarixlərində Sinqapurda olub.
Sammit 2017-ci ildə 17-18 yanvar tarixlərində Mayamidə (ABŞ), fevralın 14-16-da Dohada (Qətər), fevralın 21-23-də Əddis-Əbəbədə (Efiopiya) və 7-9 martda Londonda (İngiltərə) keçirilib.
Əsas məqsəd müxtəlif milli assosiasiyaların rəhbərlərinin FIFA rəhbərliyi ilə müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.
Əvvəllər FIFA-nın üzvü olan milli assosiasiyaların rəhbərliyi FIFA rəhbərliyi ilə yalnız FIFA-nın Konqresi zamanı ünsiyyətdə ola bilirdi.
Konqres iştirakçılarının say çoxluğu və vaxt məhdudiyyəti səbəbindən geniş müzakirələr aparmaq mümkün olmurdu.
FIFA İcraedici Futbol Sammitinin təşkil olunması bu zərurətdən irəli gəlir.
Noyabrın 21-də Bakıda keçiriləcək analoji sammitdə Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyalarının rəhbərliyi iştirak edəcək.