"Roma"nın baş məşqçisi: "Çalışacağıq ki, "Qarabağ"ın nəfəsini kəsək"
Çempionlar Liqasının qrup mərhələsinin son oyunu çərçivəsində reallaşacaq “Roma” – “Qarabağ” matçından öncə meydan sahiblərinin baş məşqçisi Eysebio di Françesko mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Naynqqolan və Perotti "Qarabağ"la matçda meydanda olacaq?
- Bəli, buna yüzfaiz əmin ola bilərsiz. Hər ikisi sabah "Qarabağ"a qarşı oynayacaq. Kolarovun vəziyyətini isə başa düşmək olar. Son matçda çox yorulub. Ancaq yəqin ki, onu da sabah meydanda görə biləcəyik.
- Qrupun digər oyunu olan "Çelsi" - "Atletiko" matçında hansı nəticə qeydə alınacağı sizə maraqlıdı?
- Öz oyunumuza fikir verən komandayıq. Hər zaman futbolçularıma deyirəm: elə çıxış edin ki, taleyimiz öz əlimizdə olsun, başqasının yox.
- “Qarabağ”la oyundan nə gözləyirsiniz?
- Matçın startında öz oyun üslubumuzu qurmağa çalışacağıq. Məqsədimiz hücum futbolu göstərmək olacaq. Çalışacağıq ki, "Qarabağ"ın nəfəsini kəsək. Amma onu da qeyd edim ki, qarşımızda özünü yaxşı tərəfdən göstərən komanda olacaq. “Qarabağ” xüsusən Madriddə “Atletiko”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi. Bu, “Çelsi”nin ilk turda Londonda çoxlu qol vurduğu “Qarabağ” deyil. Bununla belə, öz oyunumuzu göstərə bilsək, Azərbaycan təmsilçisini məğlub edəcəyik.
- Komandanızda nə dəyişib?
- Çox şey. Bu, həqiqətdi. Bakıdakı kimi, yenə “Qarabağ”a qalib gəlməliyik. Avrokubok matçlarında qələbə asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq.
- Sabah gözləmədiyiniz nəticə qeydə alına bilərmi?
- Bu suala matç bitəndən sonra cavab vermək olar. Bədbinlikdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə nikbin olmuşam. Sabah da, gələcəkdə də bu cür davranacam.