Cenk Tosundan "Everton" açıqlaması
İngiltərənin "Everton" klubu Türkiyənin "Beşiktaş" klubundan Cenk Tosunu transfer etdiyini açqlayıb. 27 yaşlı hücumçu ilə 2022-ci ilədək müqavilə bağlanılıb.
Öncədən Tosunun canlı yayımla ictimaiyyətə tanıdılacağı bildirilsə də, tibbi müayinənin gecikməsi üzündən keçid barədə məlumat rəsmi sayt vasitəsilə verilib. "Everton TV"yə açıqlama verən forvard transferindən məmnunluğunu söyləyib. O, böyük tarixə və futbol mədəniyyətinə malik klubun formasını geymək üçün həyəcanlı olduğunu vurğulayıb. Tosun azarkeşlərə istedadını və nəyə qadir olduğunu göstərmək niyyətini ifadə edib: "İnanıram ki, Premyer Liqada yaxşı futbolçulardan olacağam. Böyük liqaya gəldiyimi bilirəm. Sahib olduğum fiziki güc mənə yardımçı olacaq. Transfer olmamışdan əvvəl də "Everton"u izləyirdim. Buna görə də yeni komandam barədə məlumatlıyam. Ümidvaram ki, mənə çoxlu ötürmə veriləcək".
Qeyd edək ki, "Everton"a 27 milyon avroya transfer olan Cenk Tosun Türkiyədən xaricə gedən ən bahalı futbolçu olub. Onun yeni klubundakı əmək haqqı həftədə 125 min funt sterlinq olacaq.