UEFA son üç mövsümdəki dəyişiklikləri açıqladı
UEFA son üç mövsümdə Avropa ölkələrinin yüksək liqalarında komanda sayı ilə bağlı baş verən dəyişiklikləri açıqlayıb.
2015/2016 mövsümü ilə müqayisədə ən böyük artım Bolqarıstan çempionatında müşahidə olunub. Bu ölkənin yüksək liqasında komanda sayı 10-dan 14-ə çatdırılıb. Ən böyük azalma isə Gürcüstanda qeydə alınıb. Qonşu ölkənin əsas liqasında iştirakçı sayı 14-dən 10-a enib.
Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Litva, Ukrayna, Montoneqro, eləcə də Bosniya və Herseqovinada yüksək dəstə iştirakçılarının sayı azalıb. Bolqarıstanla bərabər, Belarus, Danimarka, Latviya, Makedoniya və Maltada isə artım qeydə alınıb.
Yüksək dəstəsində daha çox - 20 komanda olan 4 ölkə var: İngiltərə, İspaniya, Fransa və İtaliya. Ən aşağı göstərici isə Erməistandandadır - 6 komanda. Azərbaycanla yanaşı, Andorra, Litva və Latviya çempionatlarında da hazırda 8 komanda çıxış edir.
Qeyd edək ki, 2015/2016 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda çıxış edib. Hazırda isə elita təmsilçilərinin sayı 8-dir. Ümumilikdə UEFA-ya üzv olan 55 assosiasiyanın yüksək liqalarında 713 klub yer alıb.