Karateçilərimizdən 6 medal
Azərbaycan karateçiləri Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında ümumilikdə 6 medal qazanıblar.
Onlardan dördünün əyarı qızıl, bir gümüş, biri isə bürüncdür.
Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (67 kq) qitə çempionu olub. Murad Hacızadə (+84 kq) isə ardıcılı ikinci dəfə Avropa 3-lüyü qazanıb.
Yarışın ilk günü Tale Yaqubov (63 kq) və Polina Hurenko (47 kq), ertəsi gün 16 - 18 yaşlı gənclər arasında Hümmət Baxşəliyev (61 kq) qızıl medala sahib olub. Mədinə Sadıxova (48 kq) isə gümüş medala layiq görülüb. Roman Heydərov (kata), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyeva (+67 kq) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, nəticədə medalsız qalıblar.
44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək.