Yeni federasiyanın təqdimat mərasimi keçirildi

 Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.
 
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Fuad Muradov və digər şəxslər iştirak ediblər.
 
S.Hüseynova bildirilib ki, Beynəlxalq Məktəb İdmanları Federasiyası (İSF) beynəlxalq rəhbər orqandır və 1972-ci ildə Avropanın 21 ölkəsinin imzası ilə təsis edilib. O, təşkilatın əsas məqsədinin məktəblərdə yeniyetmələr arasında idmanın və sağlam həyat tərzinin aşılanması üçün beynəlxalq yarışların təşkilindən ibarət olduğunu söyləyib.
 
Daha sonra AMİF haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.
 
S.Hüseynova deyib ki, İSF-ə 43 idman növü daxildir. Azərbaycan məktəblərində isə 10-dan çox idman növü tədris olunur.
 
A.Rəhimov çıxışı zamanı AMİF-ə uğurlar arzulayıb və yeni yaradılan qurumun görəcəyi işlərin böyük əhəmiyyət daşıyacağını vurğulayıb: "Azərbaycanda hazırda 83 federasiya fəaliyyət göstərir. AMİF 84-cüsü olacaq. Federasiyanın adı Azərbaycan Məktəb İdman Federasiyası olsa, daha yaxşı olar. Lakin bu, bir o qədər də önəmli deyil. Əsas olan federasiyanın görəcəyi işlərdir. İdmançılarımız məktəbdən formalaşır. Buna önəm verməliyik. Dünyada məktəbililər arasında bir sıra beynəlxalq yarışlar təşkil olunur. Bu federasiyanın gələcəkdə müxtəlif idman növləri üzrə qolları da ola bilər. Biz AMİF-ə kömək etməliyik. Həmçinin Təhsil Nazirliyi, müxtəlif cəmiyyətlər öz dəstəklərini verməlidirlər".
 
Ç.Hüseynzadə təqdimatın əlamətdar hadisə olduğunu qeyd edib: "Bu sahə bizi narahat etməyə bilməz. Bütün idmançılar məktəbdən keçməlidir. Biz məktəblilərə qarşı bir addım atsaq, onlar bir neçə addım atacaqlar. Çünki məktəblilər arasında böyük həvəs var. AMİF bu işin beynəlxalq səviyyədə təşkilində yardımçı olacaq. Tövsiyyəm budur ki, siz öz iş planlarınızı yerli federasiyala təqdim edəsiniz. Həmçinin İSF ilə sıx əməkdaşlıq etmək lazımdır. MOK yeni quruma öz dəstəyini göstərməyə hazırdır".
 
F.Qurbanov isə ölkədə idmanın inkişafından, dövlətin gənclər siyasətindən söz açıb, AMİF-in fəaliyyətinin bu istiqamətdə öz dəstəyini verəcəyini vurğulayıb. O, Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirdiyini də əlavə edib.
 
Qeyd edək ki, İSF-də 5 qitədən 90 üzv ölkə var. Təşkilat eyni zamanda, "Sport Accord"un üzvüdür və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın mərkəzi ofisi Belçikanın Antverpen şəhərində yerləşir.
 
AMİF 2017-ci ildə təsis olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan bu il baş tutacaq Gimnaziya Oyunlarına beynəlxalq federasiyanın üzvü kimi qatılacaq. (Report)