İstanbul derbisində 4 qol 3 qırmızı vərəqə
Türkiyə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Beşiktaş" doğma azarkeşlər önündə "Fənərbağça" ilə üz-üzə gəlib.
3 qırmızı vərəqənin göstərildiyi qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. Alvaro Neqredo qonaqları məyus edib. Meydan sahiblərinin sevinci çox çəkməyib. 17-ci dəqiqədə Roberto Soldado bərabərlik qolunu vurub.
"Fənərbağça"nın futbolçusu Alper Potuk 44-cü dəqiqədə rəqibi itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qonaqlar 45-ci dəqiqədə Şənər Özbayraqlının qolu ilə hesabda önə keçib. "Qara Qartal"ın heyətində Rikardo Kuarejma oyuna daxil olduqdan 6 dəqiqə sonra Josef de Souzanı vurub.
Qarşılaşmanın baş hakimi Fırat Aydınus portuqaliyalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. 76-cı dəqiqədə isə Volkan Demirəl eyni aqibəti yaşayıb. Təcrübəli qolkiper hakimə etiraz etdiyinə görə, ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Matçda sonuncu qol isə 82-ci dəqiqədə vurulub. Anderson Taliska komandasını məğlubiyyətdən xilas edib.