İngiltərədə daha 2 vəsiqə savaşı

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək.
 
İkinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutacaq. "Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə vəd etdiyi halda, "Mençester Siti" ilə İsveçrə "Bazel"inin qarşılaşması formal xarakter daşıyır.
 
İlk oyunda İtaliyada "Tottenhem"lə 2:2 hesablı heç-heçə edən "Yuventus" bu dəfə 3:3 və ya daha böyük hesablı bərabərliklə mərhələ keçə bilər. London klubunu isə 1:1-lik heç-heçə də qane edir.
 
Turin təmsilçisinin heyətində Mattia de Şilyo, Xuan Kuadrado və Federiko Bernardeski zədə səbəbindən oynamayacaq. Komandanın aparıcı hücumçusu Qonsalo İquainin isə bu matçda iştirakı sual altındadır.
 
Meydan sahiblərindən Tibo Alderveyreld və Serji Orye bu görüşü buraxacaq. Qarşılaşmanı polşalı hakim Şimon Marçinyak idarə edəcək.
 
"Mançester Siti" - "Bazel" qarşılaşmasını formallığa çevirən səbəb "şəhərlilər”in səfərdə 4 cavasız qolla qələbə qazanmalarıdır. İngiltərə klubunun heyətində Fernandinyo və Benjamin Mendinin zədə səbəbindən bu matçda iştirak etməyəcəyi dəqiqdir. Rahim Sterlinqin durumu isə sual altındadır. Qonaqlar qapıçı Cermano Vaylati, müdafiəçi Eder Balanta və yarımmüdafiəçi Taulyant Cakanın xidmətindən yararlana bilməyəcək. Oyunu çexiyalı Pavel Kralovets idarə edəcək.
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 2:2
 
23:45. "Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə)
Baş hakim: Pavel Kralovets (Çexiya)
İlk oyun – 4:0
 
Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları 1/4 finala yüksəlib.