Aronyan yenə uduzdu, Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində bu gün III turun görüşləri keçirilib.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib. Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var.
Digər görüşlərin nəticələri:
Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) - 0:1
Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Uesli So (ABŞ) - Din Lijen (Çin) - 0,5:0,5
Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.
IV turda IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk - Lijen, Kramnik - Karuana və Karyakin - Aronyan görüşləri keçiriləcək. Qarşılaşmalar martın 14-də təşkil olunacaq.
Qeyd edək ki, ilk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə ermənistanlı Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.