Fatih Terim: "50 il udmayaq, amma çempion olaq"
Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim 22 oyundur səfərdə "Fənərbağça"nı yenə bilməmələri faktına münasibət bildirib.
65 yaşlı mütəxəssis belə bir statistikaya çox da önəm vermədiyini açıqlayıb. O, çempionluğun daha önəmli olduğunu vurğulayıb: "Bir matçda qalib gəlməklə və ya uduzmaqla nə olur? Biz 50 il burada "Fənərbağça"nı yenə bilməyək, amma çempion olaq. Bu statistika bizim üçün önəmli deyil".
Terimin fikrincə, "Qalatasaray" hansı oyunu qalib başa vurmayıbsa, bu, xal itkisi deməkdir: "3 xalın qazanılmadığı hər yerdə xal itkisi var. Hər halda, liderik və ən yaxın rəqiblərimizdən 4 xal öndəyik. Bunun təsəllisi var. Çünki "Fənərbağça" rəqiblərimizdən biridir. Bu, istisna olmaqla, 3 xal qazana bilmədiyimiz istənilən nəticə bizim üçün itkidir".
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" matçı qolsuz yekunlaşıb. Hazırda "Cim-Bom"Superliqada 26 oyundan 54 xalla 1-ci pillədə qərarlaşıb. "Sarı-qırmızılar"ın ən yaxın izləyiciləri "Beşiktaş" və "Başakşehir" 50 xalla 2-3-cü yerləri bölüşürlər. Bu iki komanda turun son oyununda üz-üzə gələcəklər.