Məmmədyarov Qrişuka qarşı
Almaniyanın paytaxtı İddiaçılar Turnirində bu gün şahmatçılar ilk dövrənin son tur qarşılaşmalarını keçirəcəklər.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov VII tura təsadüf edən görüşdə qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. Hazırda turnir cədvəlinə başçılıq edən Məmmədyarov əvvəlki 6 oyununun 2-dən qələbə, 4-dən heç-heçə ilə ayrılıb. O, qələbələrini Rusiyanın 3 təmsilçisindən 2-si - Sergey Karyakin və Vladimir Kramnik üzərində qazanıb. İndi isə 33 yaşlı qrossmeysteri qonşu ölkənin sonuncu təmsilçisi ilə çətin sınaq gözləyir.
Qrişuk ilk 6 turda yeganə qələbəsini II turda ABŞ təmsilçisi Uesli So üzərində qazanıb. O, yeganə məğlubiyyətini isə ilk turda həmyerlisi Vladimir Kramnikdən alıb. Son 4 turda isə 35 yaşlı qrossmeyster yalnız heç-heçə edib. Bu gün qələbə qazanacağı təqdirdə, o, Məmmədyarovla xallarını bərabərləşdirəcək.
Turun digər görüşləri:
Levon Aronyan (Ermənistan) - Fabiano Karuana (ABŞ)
Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin)
Sergey Karyakin (Rusiya) - Uesli So (ABŞ)
6 turdan sonra Məmmədyarov və Karuana hərəyə 4 xalla ilk 2 pilləni bölüşür. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyanla So hərəyə 2,5 xalla 6 - 7-ci, Karyakin isə 2 xalla 8-ci pillədə qərarlaşıb.