Millimizin futbolçusu klubundan qovuldu

Azərbaycan millisinin futblçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" komandasından qovulub. 
 
Bu barədə Gənc İstedadlar Mərkəzinin (NLZ) rəhbəri Armin Kraaz açıqlama verib. O, səbəb kimi Dadaşovun intizamsız davranışını göstərib. Klubun baş məşqçisi Niko Kovaç bu cəzadan xəbərdar olduğunu və qərarla razılaşdığını açıqlayıb. Qərara əsasən, 18 yaşlı hücumçu "Ayntraxt"ın U-19 komandasının məşqlərinə qatılmayacaq. Onunla 2020-ci ilin iyununadək müqavilə qüvvədə olduğundan, klubdan birdəfəlik kənarlaşdırılması hələlik mümkün deyil. 
 
Dadaşovun sərt cəzalanmasına səbəb məşqdən sonra komanda yoldaşını vurması olub. Bu, son aylarda onun ikinci intizamsızlığı olduğundan, klub rəhbərliyinin səbr kasası dolub. "Ayntraxt"ın U-19 komandasının yeni baş məşqçisi Frank Lext daha əvvəl onu əfv etsə də, bu dəfə keçə bilməyib.  
 
Qeyd edək ki, Renat Dadaşov Azərbaycanın əsas millisinə Robert Prosineçkinin baş məşqçi olduğu vaxt dəvət alıb. O, yığmada 2017-ci il sentyabrın 4-də San Marino ilə dünya çempionatının seçmə qrup matçında debüt edib. Görüş millimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.