Məmmədyarovdan 7-ci heç-heçə, Karuana çinli rəqibinə qarşı
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün IX turun görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.
Bununla da Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.
Turun digər görüşləri:
Fabiano Karuana (ABŞ) - Din Lijen (Çin)
Uesli So (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) - 1:0
Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanıb.
8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.
Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.