Şəhriyar Məmmədyarov sülhsevər çinliyə qarşı

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün 12-ci turun görüşləri keçiriləcək. 
 
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Din Lijenlə üz-üzə gələcək. İlk dövrədə iki şahmatçı arasındakı görüş heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Ümumilikdə isə 11 tur ərzində Məmmədyarov 2 qələbə, 9 heç-heçəyə nail olubsa, Lijen bütün görüşlərini heç-heçə ilə başa vurub. 
 
Qələbə təqdirində, azərbaycanlı qrossmeyster çinli şahmatçının bu ənənəsinə son qoya və paralel keçən görüşdə ABŞ-dan olan lider Fabiano Karuananın qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakinə məğlubiyyətinə ümid edə bilər. 
 
Turun görüşləri:
 
Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan)
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ)
Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Din Lijen (Çin)
 
Qarşılaşmalar saat 18:00-da başlanacaq.
 
Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov 6,5 xalla 2-ci yerdə qərarlaşıb. Karyakin və Qrişuk hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür. Lijen 5,5 xalla 5-ci, Kramnik 5 xalla 6-cı, So 4,5 xalla 7-ci, Aronyan 3,5 xalla 8-cidir.