"Real Madrid" və "Bavariya" yarımfinalda!

Futbol üzrə Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşib. 
 
Bunlar Almaniyanın "Bavariya" və İspaniyanın "Real Madrid" klublarıdır. Münhen komandası 1/4 final mərhələsində İspaniya "Sevilya"sını mübarizədən kənarlaşdırıb. Cütün taleyi ötən həftə keçirilmiş ilk görüşdə həll olunub. Yupp Haynkesin baş məşqçi olduğu kollektiv səfərdə 2:1 hesablı qələbə qazanıb. Cavab oyunu isə qolsuz bərabərliklə yekunlaşıb - 0:0. 
 
"Real Madrid" isə İtaliya "Yuventus"unu üstələyib. Səfərdəki ilk görüşdə 3:0 hesabı ilə qalib gəlmiş "kral klubu" evində 0:3 hesabı ilə geri düşdüyü vaxt uzatma dəqiqələrində qələbəyə bərabər qolu vurmağa bərabər olub. İngiltərəli referi Maykl Oliverin təyin etdiyi penalti Turin komandasının etirazına səbəb olsa da, qərar dəyişməyib. Üstəlik, Canluici Buffon meydandan qovulub. Kriştianu Ronaldu isə penaltini dəqiq yerinə yetirib.  
 
"Bavariya"dan əvvəl İngiltərənin "Liverpul" və İtaliyanın "Roma" klubları da yarımfinala yüksəlib. 
 
 
Çempionlar Liqası
1/4 final, cavab oyunları
 
11 aprel
22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya) - 1:3
Qollar: Kriştianu Ronaldu, 90+8 - Mario Mancukiç, 2; 37. Bleyz Matüidi, 61
Qırmızı vərəqə: Canluici Buffon, 90+3 ("Yuventus")
Baş hakim: Maykl Oliver (İngiltərə)
İlk oyun – 3:0
 
22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya) - 0:0
Qırmızı vərəqə: Xoakin Korrea, 90+2 ("Sevilya")
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İlk oyun – 2:1
   
 
Qeyd edək ki, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 13-də keçiriləcək.