Avropa Liqası: Yarımfinalçılar müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib. 
 
Gecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zaltsburq" komandaları yarımfinala yüksəlib. "Arsenal" ötən həftə evdə 4:1 hesabı ilə yendiyi MOİK-lə Rusiyada heç-heçəyə nail olub - 2:2. Nəticədə "topçular" iki oyunun nəticəsində mərhələ adlayıb. 
 
"Atletiko" evdə 2:0 hesabı ilə yendiyi "Sportinq"ə Portuqaliyada minimal hesabla uduzsa da, top fərqində üstün olub. 
 
"Marsel" və "Zaltsburq" komandaları isə müvafiq olaraq, Almaniya "Leyptsiq"i ilə İtaliya "Latsio"sunu darmadağın edərək, ilk görüşdəki məğubiyyətin əvəzini artıqlaması ilə çıxıblar.  
 
Avropa Liqası
1/4 final, cavab oyunları
 
23:05. "Zaltsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1
Qollar: Munas Dabbur, 56. Amadu Haydara, 72. Hi-Çan Hvanq, 74. Ştefan Layner, 76 - Çiro İmmobile, 55 
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:4
 
23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0
Qol: Fredi Montero, 28 
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun – 0:2
 
23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:2
Qollar: Fyodor Çalov, 39. Kirill Nababkin, 50 - Denni Uelbek, 75. Aron Remzi, 90+2
İlk oyun – 1:4
Baş hakim: Feliks Tsvayer (Almaniya)
 
23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 5:2
Qollar: Ştefan İlsanker, 6-öz qapısına. Buna Sarr, 9. Florian Toven, 38. Dimitri Payet, 60. Hiroki Sakai, 90+5 - Bruma, 2. Jan-Kevin Oqüsten, 55
Baş hakim: Born Keypers (Hollandiya)
İlk oyun – 0:1
 
Qeyd edək ki, yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.