"Elə hakimlər var ki, qorxaqdılar, məsuliyyətdən qaçırlar"-Anar Salmanov

Sabiq FİFA referisi Anar Salmanovun  müsahibəsi:

 

- Topaz Premyer Liqasında 2016/17 mövsümü ciddi hakim səhvi ilə start götürdü. Sabiq FİFA referisi kimi, bu, sizin üçün sürpriz olmadı?

- Yəqin ki, AZAL – “Neftçi” oyununu deyirsiz. Amma təkcə bu matç deyil. Bu görüşdəki səhv üzdə olandı. Peşəkar gözlə baxdıqda digər qarşılaşmalarda da problem görmək mümkündü. AZAL-ın təmiz qolunun qeydə alınmamağı əsl biabırçılıq idi.

 

- AZAL – “Neftçi” görüşündə sayılmayan qola görə qapı arxasındakı hakim Ramil Diniyev daha çox tənqid obyektinə çevrildi. Orda səhv onun boynuna yazılmalıdı, yoxsa yan xətt hakiminin?

- Ramil Diniyevin üstünə düşməsinlər. O, ötən mövsüm ən yaxşı idarəçilik edən hakimlərdən idi. İndi onu qoyublar qapının arxasına. Diniyev bilməlidi ki, topa zərbə vurulan anda harda dayanmalıdı, necə mövqe tutmalıdı. Bunu yoldaşlıq görüşlərində, toplanışlarda keçməlidilər. Hakimlərimizə bunlar şifahi izah edilir, praktiki göstərilmir.

 

- Əgər belədisə, o zaman 5-6-cı hakimlər nəyə lazımdı?

- Ötən mövsüm gördülər ki, ən böyük səhvləri əlavə köməkçi hakimlər edirlər, bu sistem ləğv olundu. Yalnız kubokun final matçında, həlledici görüşlərdə tətbiq etdilər. Elə hakimlər var ki, qorxaqdılar, məsuliyyətdən qaçırlar. AZAL – “Neftçi” görüşünün baş hakimi Rəhim Həsənov idi. Ondan tələb edək ki, oyundankənar vəziyyətə baxsın, yoxsa qapı xəttini güdsün? Rəhim çıxıb öz funksiyasını yerinə yetirdi, normal oyun idarə etdi. Göstərdiyi qırmızı vərəqələr də yerində idi. Hakimlərdə də komanda işi olmalıdı. 6 hakim varsa, onlardan heç olmasa biri mübahisəli epizodları görməlidi. 8 komandalı çempionatda 5-6-cı hakimlərə nə gərək var? Bu sistem yalnız hakimlərin dolanışığı üçün lazımdı. Peşəkar gözlə baxdıqda görərik ki, onların baş hakimə köməyi çox az dəyir. Əksinə, daha çox maneçilik törədirlər. Bir çıxış yolu qalır. Azərbaycan çempionatında gərək “goal-line” texnologiyasından istifadə olunsun. Hakimlərin qolunda saat olacaq, top xətti keçən kimi, həmin saat xəbər verəcək. Qapı arxası hakimlər üçün xərclənən pula elə bu sistemi gətirmək olar. Amma hakimlərin dolanışığını da nəzərə almaq lazımdı.

 

- İlk turdaca kobud hakim səhvi qeydə alındı. Bu, çempionatın bundan sonrası üçün bir siqnal deyilmi?

- Bu ondan xəbər verir ki, hakimlik baxımından bərbad mövsüm keçəcək. Buna əminəm. Mən bu başlanğıcı belə qələmə verərdim: Çempionat başladı, deməli, Xaqani şou başladı. İstənilən komanda toplanışda necə hazırlaşırsa, çempionatı da o cür keçirir. Hakimlər də belədi. Sadəcə, hakimləri düzgün yönləndirən adam lazımdı.

 

- Hakimlərimiz yay hazırlığını Bolqarıstanda keçmişdilər. Belə çıxır ki, toplanışın heç bir xeyri olmayıb?

- Bilirsiz, hakimlərin yay toplanışı zamanı “6-lıq” sistemi tətbiq olunmursa, onların əksəriyyəti əlavə köməkçi hakimlərin funksiyasının nə olduğunu bilmirsə, belə səhvlərin baş verməsi normaldı. AFFA, PFL rəhbərliyi bir təlim-məşq toplanışı üçün 50-60 min xərc çəkir. Hakimlərə diqqət var. Amma Hakimlər Komitəsinin sədri rəhbərliyin bu əziyyətini yerə vurur. Yay toplanışlarında fiziki, nəzəri və praktiki hazırlıq olur. Hakimlər oyun idarə etməklə praktika toplayırlar. Xaqani Məmmədov özü bir komanda yığır, birini də gənc hakimlər. Öz aralarında oyun keçirirlər, bunun adı olur praktika. 1-2 oyunla praktika keçmək mümkün deyil. Yay toplanışı üçün öz ölkəmizin gözəl məkanları var. O pulu da qış təlim-məşq toplanışına saxlamaq lazımdı. Qışda Antalyada 70-80 oyun olur. Orda kimi istəsən, yoxlaya bilərsən. Xaqani Məmmədov toplanış zamanı ancaq ticarət mərkəzlərini gəzir, şopinq edir. Alış-veriş etməklə toplanış keçilir? Heç ona ehtiyac da yoxdu. Çünki ora Əli Hüseynov kimi mütəxəssis gedir. Əli Hüseynovun həyat təcrübəsi, savadı, intellektual səviyyəsi bəs edir. O, hakimlərin yanında avtoritetdi, şəxsiyyətini qoruyur. Xaqani Məmmədov hakimlərə nə öyrədə bilər: heç-heçəyə 15 dənə verməyi, yoxsa qatarda haqq-hesabını? Məni bir səhvə görə futboldan uzaqlaşdırdı. Amma Xaqani Məmmədovun göstərdiyi penalti qərarı iki il Azərbaycan çempionatının dayanmasına səbəb oldu. Bu adam çox gözəl bilir ki, “day-dayı” hesabına təlim-məşq toplanışına gedən hakimlər kimlərdi. Yaxşı uşaqlar qalıb kənarda, Xaqani Məmmədov nənəsinin-babasının hesabına dolanan hakimləri aparır. Sağlam rəqabət olmayan yerdə iş də olmaz. “Qəbələ” – “Kəpəz” oyununda azarkeşlər haqlı olaraq deyirdilər ki, “Xaqani, çıx get AFFA-dan, camaatın gözünü “mazol” elədin”. Nə vaxta kimi komandalar ona görə əziyyət çəkəcəklər? Onu ordan çıxarmaq yox, qovmaq lazımdı.

 

- Sadaladığınız məsələləri AFFA və PFL rəhbərliyi bilirmi?

- Açığı, mən PFL prezidenti Ramin Musayevə görə pis oluram. Ramin müəllim Xəqaniyə lazımi dəstək verir, amma elə Xaqaniyə görə həmişə tənqid olunur. Xaqaninin qardaşı cadugərdi, bəlkə də, Ramin Musayevə cadu edib ki, Xaqani Məmmədov yanından çəkilməsin. Hakimlərin səhvlərindən sonra zərbə Ramin Musayevə dəyir. Xaqani orda heç kimdi. Axı Xaqani kim olub ki, hakimlərə də nəsə öyrətsin? Bilirsiz, AFFA Hakimlər Komitəsi UEFA Konvensiyasına daxildi. Buna görə, 6 il ərzində UEFA-dan hər il 100 min pul alınır. Konvensiyasının şərtlərinə əsasən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşməlidi. Gec-tez bu olacaq. Sual verirəm: Xaqani Məmmədov, hanı o 100 minlər?

 

- Amma ortada U-19-lar arasında Avropa çempionatının final matçını idarə etmiş, Avropa Liqasının qrupuna təyinat almış Əliyar Ağayev nümunəsi də var...

- Mən Əliyarın inkişafını yalnız özü ilə bağlayıram. Meydanda idarə etdiyi oyunlar, aldığı qiymətlər göz önündədi. Azərbaycanda da AFFA, PFL rəhbərliyi ona dəstək verir. UEFA ilə yaxşı əlaqəsi olan Elxan Məmmədovun da bunda rolunu qeyd etmək lazımdı. Bəs Xaqani Məmmədov nə edib? Ötən il və ondan öncəki il Əliyarı 14 turluq cəzalandırıb. Əgər Avropada irəli gedən hakimə bu qədər cəza verirsə, döşünə döyməsin. Beynəlxalq matçlara təyinat alan bir referi oyun praktikasını harda yığmalıdı? Təbii ki, ölkə çempionatında. Feliks Brix, Nikola Ritsoli kimi dünya səviyyəli hakimlər də səhv edir. UEFA da onları bu formada cəzalandırsa, hakim qalmaz ki. Digər tərəfdən cəza hamı üçün eyni olmalıdı. Bizdə eyni səhvə görə bir hakim 2 tur, digəri 5 tur “dincəlir”. Hakimlər Komitəsində ədalət yoxdu, ora bardaq, anarxiyadı.

 

- Razısız ki, çempionatda komandaların sayının 8-ə enməsi Hakimlər Komitəsinin də işini asanlaşdıracaq? Çünki indiki vəziyyətdə hər turda cəmi 4 baş hakim lazım olacaq...

- Hakim seçimi məsələsində sizinlə razıyam. Çünki cəmi 2-3 güclü hakimimiz var. Amma 8 komanda olan yerdə mübarizə daha qızğın gedəcək. 6-7 klub avrokuboklara vəsiqə uğrunda “vuruşacaq”. İndi daha çətin olacaq. 12-14 komanda olanda aşağı səviyyəli oyunlar da olur. Ancaq indi heç kimə zəif deyə bilmərik.(Apasport)